2023 Avroviziya Mahnı Müsabiqəsi üçün nəzərdə tutulmuş biletlərdən 3.000-i məcburi köçkün düşmüş Ukrayna vətəndaşlarına veriləcək.
Böyük Britaniya hökuməti müharibə səbəbi ilə, ölkəsindən didərgin düşmüş və Britaniyaya sığınan, orda yaşayan ukraynalılar üçün 3.000 biletin veriləcəyini vəd edib.
Mədəniyyət katibi Lüsi Freyzer deyib ki:
“Müharibə nəticəsində didərgin düşmüş insanlara vətənlərini, mədəniyyətlərini və musiqilərini şərəfləndirən şouda iştirak etmək üçün minlərlə bilet təklif olunacaq. Həmişə olduğu kimi, biz Ukrayna xalqı və onun azadlıq mübarizəsi ilə bir yerdəyik”.
Ukraynanın Böyük Britaniyaya ezam olunmuş səfiri Vadim Pristayko əlavə edib:
“Liverpulda keçiriləcək Avroviziya Mahnı Müsabiqəsi üçün məcburi köçkün ukraynalılara 3.000-ə yaxın biletin ayrılması buradakı soydaşlarımıza tədbirdən zövq almağa və ölkəmizin zəngin mədəniyyətini və musiqisini qeyd etməyə imkan verəcək. Böyük Britaniyanın Rusiyanın işğalı qarşısında Ukraynaya davamlı dəstəyi nümunəvi oldu və bu jest bu öhdəliyin daha bir nümunəsidir. Ukrayna mədəniyyətini nümayiş etdirmək üçün ayrılan 10 milyon funt sterlinqlik maliyyə də yüksək qiymətləndirilir və dünyanın hər yerindən insanları bir-birinə daha da yaxınlaşdıran birgə şou göstərməyə kömək edəcək. Biz Böyük Britaniya hökumətinə, Liverpul Şəhər Şurasına və BBC-yə bu tədbir vasitəsilə Ukrayna mədəniyyətini və xalqını şərəfləndirmək səylərinə görə minnətdarıq”.
