Çexiya müsabiqəyə qatıldığı 15 ildə ilk dəfə canlı milli seçim turu ilə təmsilçisini və müsabiqə mahnısını seçəcək.

“ESCZ” adı verilən milli seçim turu yanvarın 30-da ölkənin birinci kanalı “Česká televize”nın Praqadakı studiyasında keçiriləcək. Ölkə indiyə qədər öz müsabiqə təmsilçisini onlayn seçib. Onlayn seçim zamanı dünyanın hər yerindən olan müsabiqə fanatları hazır video çəkilişlərə baxmaqla onlayn səsverməyə qatıla bilirdi.

“Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, Çexiya musiqi sənayesi səsimizə səs verdi. Belə ki, hər biri çex vokalçıları tərəfindən ifa edilən əsasən çex bəstəkarların hazırladığı 170-dən çox mahnı müsabiqəyə təqdim edilmişdir. Bir neçə mahnı seçmək çətindir amma ümid edirik ki, finalçıların adlarını yaxın günlərdə yekunlaşdırmağı bacaracağıq. Şou haqqında daha ətraflı məlumat yaxın həftələrdə açıqlanacaq”. deyə nümayəndə heyətinin rəhbəri Kriştof Şamal bildirib.

Qeyd edək ki, Çexiya “Eurovision” macərasına 2007-ci ildə Azərbaycandan bir il əvvəl başlayıb. Ölkənin ən uğurlu nəticəsini “Lie to Me” mahnısı ilə Mikolas Josef 2018-ci ildə altıncı yeri tutaraq əldə edib.