Avroviziya Mahnı Müsabiqəsi üçün Latviya təmsilçisini seçmək məqsədilə təşkil edilən “Supernova 2024” milli final şousunun doqquzuncu buraxılışı keçirilib. Müsabiqə 3 fevral 2024-cü ildə yarımfinalla başlayıb və 10 fevral 2024-cü ildə finalla yekunlaşıb. Şou “LTV Studio 6”-da Ketiya Şenberqa və Lauris Reiniksin aparıcılığı ilə baş tutub və LTV1 kanalında yayımlanıb. Finalın alternativ yayımlarını LTV7-də işarə dili tərcüməsi ilə, eləcə də lsm.lv saytında onlayn şəkildə izləmək mümkün olub.

12 sentyabr 2023-cü il tarixində yayımçı kanal LTV ifaçıların müraciət etmələri üçün mahnı təqdimetmə pəncərəsini 30 noyabra qədər açıq elan etmişdi. İfaçıların Latviya vətəndaşı və ya Latviyanın daimi sakinləri olması şərtilə, mahnı müəllifləri və prodüserlər isə istənilən ölkədən ola bilərdi. Təqdimat müddətinin sonunda qəbul edilən 108 iştirakçı Latviya musiqi və televiziya sənayesinin nümayəndələrindən, habelə xarici peşəkarlardan ibarət münsiflər heyəti tərəfindən seçilərək 9 yanvar 2024-cü il tarixində “Rīta” proqramında elan olunmuşdu.

Yarımfinal və final şousu olaraq ikiyə bölünən “Supernova 2024”-ün 3 fevral 2024-cü il tarixində keçirilən yarımfinalında 15 müsabiqə iştirakçısı özünü sınayıb və onlardan ilk onluq finala yüksəlib. Həm yarımfinal, həm də final şouları zamanı nəticələr münsiflər heyətinin və xalq səsverməsinin 50/50 səs kombinasiyası ilə müəyyən edilib, həm münsiflər heyəti, həm də xalq səsverməsinin nəticələri müvafiq saya əsasən 1-8, 10 və 12 bal ilə müəyyən edilib.

10 fevral 2024-cü ildə finala yüksələn on iştirakçı arasından münsiflər heyətinin və Latviya xalqının səslərinin vəhdəti əsasında ən çox səs toplayan Donsun “Hollow” mahnısı qalib elan edilərək ölkəsini Malmö səhnəsində təmsil etmək haqqı qazandı. Final şousunda 2023-cü il Estoniya təmsilçisi Alika və litvalı müğənni Qabrielius Vagelis qonaq qismində iştirak edib.

Xatırladaq ki, Avroviziya Mahnı Müsabiqəsi may ayının 7, 9 və 11-i tarixlərində İsveçin Malmö şəhərində baş tutacaq.