Hollandiyanın Rotterdam şəhərində keçirilməsi planlanan 65-ci Avroviziya Mahnı müsabiqəsi pandemiya səbəbi ilə, tarixdə ilk dəfə təxirə salınmışdı. 2021-ci ildə müsabiqənin taleyinin nə olacağı isə suala altında idi.

Nəhayət ki, Avropa Yayımlar İttifaqı və Hollandiya kanalları NPO, NOS, AVROTOS Avroviziyanın necə baş tuta biləcəyi barədə 4 fərqli planı yayımladı.

PLAN A: ƏNƏNƏVİ AVROVİZİYA MAHNI MÜSABİQƏSİ

Bu vəziyyətdə, müsabiqə hər zaman olduğu kimi, iştirakçı ölkələrin sənətçiləri və nümayəndə heyəti ilə, izləyicilərin də olduğu arenada baş tutacaq.

Lakin, bu planın baş tutub tutmayacağı COVID-19 üçün peyvəndin və ya etibarlı testin mövcudluğundan asılıdır.

PLAN B: SOSİAL MƏSAFƏLİ AVROVİZİYA MAHNI MÜSABİQƏ

Bu halda isə, arenadakı hər kəs sosial məsafəni qoruyaraq bir-birlərindən 1,5 metr aralı qalmalıdır. Rotterdama səyahət edəcək hər bir nümayəndə heyəti və mətbuat işçilərinin sayına məhdudiyyətlər qoyulacaq.

Əgər bu plan baş tutarsa, hər şouda kimin tamaşaçı qismində iştirak edəcəyinə dair püşkatma keçiriləcək. Püşkatmada uğursuz olanlara isə, aldıqları biletlərin məbləği geri qaytarılacaq. Bu barədə ətraflı məlumat 2021-ci ilin ilk aylarında veriləcək.

PLAN C: SƏYAHƏT MƏHDUDİYYƏTLƏRİ OLAN AVROVİZİYA MAHNI MÜSABİQƏ

Bu vəziyyətdə, B planında olduğu kimi, müsabiqə sosial məsafə və məhdud sayda tamaşaçı ilə arenada baş tutacaq.

Rotterdama gedə bilməyən təmsilçilər çıxışlarını öz ölkələrində, digər təmsilçilər isə Ahoy arenada edəcəklər.

PLAN D: KARANTİN REJİMİNDƏ AVROVİZİYA MAHNI MÜSABİQƏSİ

 Əgər Hollandiya yenidən karantin rejimi elan edərsə, müsabiqə tamaşaçısız baş tutacaq.

Noyabr ayında keçiriləcək Avroviziya Uşaq Mahnı Müsabiqəsində görəcəyimiz kimi, hər bir iştirakçı ifasını öz ölkəsindən edəcək.

Bu planların arasından qəti seçim 2021-ci ilin ilk aylarında ediləcək.

Xatırladaq ki, müsabiqə 18, 20 və 22 may tarixlərində “Open Up” şüarı ilə Chantal Janzen, Jan Smit, Edsilia Rombley və Nikkie de Jagerin təqdimatı ilə baş tutacaq.